2025-ci ildə Instagram filtrlərinə dəstək dayandırılır. Bəs bizi nə gözləyir? Instagram -ın rəhbəri daha möhtəşəm süni intellekt əsaslı video yaradılması alətini təqdim etdi.
Instagram-ın rəhbəri Adam Mosseri, istifadəçilərə yazılı komandalar vasitəsilə videolarının hər bir detalını dəyişmək imkanı tanıyan yaradıcı süni intellekt alətini təqdim etdi. Mosseri paylaşdığı videoda, bu redaktə vasitələrinin Meta-nın Movie Gen AI modeli ilə işləyəcəyini və 2025-ci ildə istifadəyə veriləcəyini vurğuladı.
Mosseri, süni intellekt əsaslı redaktə alətinin ilkin görüntülərini də təqdim etdi. Paylaşılan videoya əsasən, süni intellekt videodakı hər bir detalı (geyim, fon, ümumi görünüş) dəyişdirə bilir. Hətta Mosserinin əllərini və üzünü sürətlə hərəkət etdirməsinə baxmayaraq, heç bir gecikmə və ya kəsinti olmur. Qeyd edilməlidir ki, bu yalnız ilkin versiyadır; geniş istifadəçilər üçün təqdim olunduqda eyni keyfiyyəti təmin edib-etməyəcəyi hələ bilinmir.
Meta, oktyabr ayında Movie Gen AI-ni təqdim edərkən, modelin sadə mətn daxil etməklə videolar və səslər yaratmağa, mövcud videoları redaktə etməyə imkan verdiyini qeyd etmişdi. Lakin, Meta süni intellekt əsaslı video yaradılması alətinin hər kəsə açıq olmayacağını bildirmişdi. Bu günki açıqlama, Meta-nın modeldən Instagram istifadəçilərinə daha çox süni intellekt əsaslı redaktə alətləri təqdim etmək məqsədilə istifadə edəcəyini göstərir.