- 326
Apple, ağıllı saatlarına Touch ID gətirir
Apple Watch-a Touch ID gələ bilər – ilk model bəlli oldu
Yeni məlumatlara görə Apple, ağıllı saatlarına Touch ID texnologiyasını gətirmək üçün işlər aparır. Bu yeniliyin ən tez gələn il, Apple Watch Ultra 4 ilə birlikdə təqdim olunacağı bildirilir.
Şirkətin daxili kodlarına əsaslanan xəbərə görə, Apple uzun müddətdir istifadə etdiyi “AppleMesa” kod adı ilə Touch ID üzərində sınaqlar aparır. Bu isə funksiyanın hələ prototip mərhələsində olduğunu göstərir. Beləliklə, bu il satışa çıxacaq modellərdə Touch ID olmayacaq.
Ağıllı saatların kiçik ölçüləri səbəbindən sensorun yerləşdirilməsi çətinlik yaradır. Apple, iPad Air seriyasında olduğu kimi sensoru düyməyə inteqrasiya edə bilər. Hətta Android cihazlarında olduğu kimi ekran altına yerləşdirilməsi də mümkündür.
Ötən həftə yayılan başqa bir şayiəyə görə, Apple Watch seriyası 2025-ci ildən etibarən böyük dizayn dəyişikliyi edəcək. Bu dəyişiklikdə Touch ID-nin yer alması da gözlənilir. Bundan əlavə, 2026 modellərinin yeni prosessorla gələcəyi qeyd olunur.