- 186
Apple-ın sensor ekranlı MacBook Pro-su bu il gəlir
Apple-ın gələn həftə bir neçə yeni cihaz təqdim edəcəyi gözlənilir. Gündəmdə olan yeniliklər arasında yeni giriş səviyyəli MacBook modeli (J700), eləcə də M5 Pro və M5 Max çipləri ilə yenilənəcək MacBook Pro modelləri yer alır. Ancaq il ərzində təqdim ediləcək Mac yenilikləri bununla məhdudlaşmaya bilər.
Bloomberg-in jurnalisti Mark Gurman-ın yeni hesabatına əsasən, uzun müddətdir şayiə kimi səslənən sensor ekranlı MacBook Pro modelləri nəhayət 2026-cı ilin sonuna doğru ortaya çıxa bilər. Məlumata görə, Apple daxili olaraq K114 və K116 kod adları ilə tanınan 14 düymlük və 16 düymlük MacBook Pro üzərində işləyir. Bu iddialar təsdiqlənsə, Apple illərdir davam edən “sensor ekranlı noutbuklara məsafəli yanaşma” xəttini dəyişmiş olacaq. Mövzu tez-tez Stiv Cobsun yanaşması ilə də əlaqələndirilir: o, vaxtilə sensor ekranlı noutbuklara skeptik yanaşaraq, toxunma səthlərinin şaquli istifadəyə uyğun olmadığını vurğulamışdı.
Hesabatda deyilir ki, sensor ekranlı MacBook Pro-lar toxunma və kursor əsaslı (trackpad/siçan) idarəetmə üçün optimallaşdırılmış fərqli interfeys profilləri təklif edə bilər. Xüsusilə toxunma rejimi aktiv olduqda, macOS istifadəçinin toxunduğu nöqtənin ətrafında əlavə menyular və kontekstə uyğun sürətli əmrlər göstərərək toxunma ilə idarəetməni daha funksional etməyə çalışacaq.
Bundan əlavə, yeni MacBook Pro-ların OLED displey əldə edəcəyi də iddia olunur. OLED MacBook-lar barədə söz-söhbətlər bir neçə ildir gündəmdə olsa da, hesabatda diqqət çəkən yeni detal Dynamic Island ehtimalıdır. Bildirilir ki, bu element ekranın yuxarı mərkəz hissəsində yerləşə, iPhone-lardakı variantdan daha kiçik ola və punch-hole tipli kəsik formasında təqdim edilə bilər.