- 236
Meta bu il ağıllı saat təqdim edə bilər
Meta-nın ağıllı saat üzərində çalışdığına dair ilk iddialar 2021-ci ildə gündəmə gəlmiş, 2022-ci ildə isə sızdırılan görüntülər bu ehtimalları gücləndirmişdi. Daha sonra bir sıra mənbələr layihənin dayandırıldığını bildirsə də, yeni məlumatlar Meta-nın həmin təşəbbüsü yenidən aktivləşdirdiyini göstərir.
The Information nəşrinin layihə ilə tanış mənbələrə istinadən yazdığına görə, şirkət daxilində “Malibu 2” kod adı ilə tanınan ağıllı saatın yenidən gündəmə gətirildiyi və 2026-cı ildə sağlamlıq göstəricilərinin izlənməsi funksiyaları ilə yanaşı Meta AI imkanlarını da təqdim edəcəyi gözlənilir.
Hesabatda qeyd olunur ki, layihənin bərpası Mark Zukerberqin Havaydakı evində keçirilən strateji toplantı zamanı müzakirə edilib. Hazırda cihazın dizaynı, texniki göstəriciləri və qiymət siyasəti barədə əlavə detallar açıqlanmayıb.
Bununla yanaşı, Meta-nın bu ilin sonlarına doğru daxildə “Hypernova 2” kod adı ilə tanınan yenilənmiş Ray-Ban Display ağıllı eynəklərini təqdim etməyi planlaşdırdığı bildirilir. Şirkətin daha genişmiqyaslı AR eynəklər layihəsinin isə 2027-ci ildə debüt edəcəyi gözlənilir.
Meta ağıllı saatı bazara çıxaracağı təqdirdə, Apple, Samsung, Google, Garmin və digər aparıcı istehsalçıların məhsulları ilə yüksək rəqabət şəraitində mövqe qazanmağa çalışacaq.