- 230
vivo X Fold5-in təqdimat tarixi rəsmi olaraq açıqlandı
vivo brendinin növbəti qatlanan flaqman modeli – vivo X Fold5-in təqdimat tarixi rəsmi şəkildə elan olunub. Cihaz bu ay – 25 iyun tarixində təqdim olunacaq. Tədbir Pekin vaxtı ilə saat 19:00-da (UTC 11:00) başlayacaq. Təqdimatda həmçinin vivo TWS Air3 Pro simsiz qulaqlıqları da nümayiş olunacaq.
Yeni vivo X Fold5 artıq ilkin sifarişlər üçün əlçatandır – həm vivo-nun rəsmi onlayn mağazasında, həm də Çindəki tərəfdaş pərakəndə satış nöqtələrində. İstifadəçilər cəmi 10 yuan depozit ödəməklə cihazı rezerv edə və 277 yuan dəyərində hədiyyə paketini əldə edə bilərlər.
Texniki göstəricilərə gəlincə, vivo X Fold5-in Snapdragon 8 Gen 3 çipi ilə gələcəyi, 16 GB-a qədər RAM və 512 GB yaddaşla təchiz olunacağı ehtimal olunur. Əsas ekran 8.03 düymlük 8T LTPO OLED, örtük ekran isə 6.53 düymlük olacaq.
Yeni model əvvəlki nəsildən daha yüngül, daha incə və daha möhkəm olacaq. Ən maraqlı xüsusiyyətlərindən biri isə IP5X standartına uyğun tozadavamlılıqdır – bu, qatlanan telefonlar arasında ilkdir. vivo eyni zamanda IPX8, IPX9 və IPX9+ suya davamlılıq standartlarını da təsdiqləyib.